24 Mayıs 2017 Çarşamba

Xalxal kəndi haqqında


Oğuz rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Qədim mənbələrdə V əsr hadisələri ilə əlaqədar Albaniya (Qafqaz) hökmdarlarının qış iqamətgahı Xalxal Şəhərinin (xarabalığı Qazax rayonunun Yuxarı Əskipara kəndinin ərazisindədir) adı çəkilir. Cənubi Azərbaycanda Xalxal Şəhəri, Xalxal Məhəllə, Xalxal Kucek yaşayış məntəqələri mövcuddur. XIX əsrdə İrəvan quberniyasında Xalxallı adlı iki dağ, Gürcüstan ərazisində Xalxal dağı qeydə alınmışdır. Tədqiqatçılar bu toponimi Azərbaycan dialektlərində "açıq hava Şəraitində mal-qara saxlamaq üçün ətrafı hasarlanmış yer, ağıl" mənasında işlənən xalxal sözü ilə bağlayırlar[1].

Rayon mərkəzindən 15 km şimal-şərqdə, Ərmənət kəndinin qərbində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal İnzibati Ərazi Dairəsinin mərkəzidir. “Xalxal” termini həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda geniş yayılmışdır. Qafqaz Albaniyasının (Azərbaycan) ən böyük şəhərlərindən biri Xalxal şəhəri olmuşdur. Cənubi Azərbaycanın (İran) vilayətlərindən birinin adı Xalxaldır. Naxçıvan MR-da Xalxal meşəsi, Babək rayonunda Xalxal kəndi var. Azərbaycanda XIV əsrdə Məhəmməd İbn Müzəffər Xalxali, XVI əsrdə Ağa Hüseyn Xalxali adlı alimlər, XIX əsrdə Məhəmməd Bağır Xalxali adlı şair yaşayıb yaratmışdır. Xalxal, nəhayət Oğuz rayonunun kəndlərindən biridir. Bu faktlar göstərir ki, xalxallar Azərbaycan xalqının soykökündə duran tayfalardan biri olmuşdur. “Xal” sözü həyatın başlanğıcı olan Günəşlə bağlıdır. Xal sözü – Günəşin görüntüsü, günəşin əksi, günəş dairəsi, günəş haləsidir[2][3]. “Xal” sözü “x” və “al” komponentlərindən ibarətdir. “X” (ks-iks)–Günəşin rəmzidir, Günəş şüalarının hər hansı parlaq səthdə (gözdə, suda, şüşədə, aynada və s. əks olunma əlamətidir, təzahürüdür, Oğuz sözü ilə bağlıdır: oğuz-oqz-oks- aqz–aks–iks. Burada “al” da Günəşi təmsil edir, onun ucalığını, aliliyini, ən yüksəkdə durmasını, parlaqlığını, yandırıb yaxmasını, işıq, həyat verməsini, Tanrı məqamında olmasını bildirir. “Ali”, “alban”, “altun”, “almas, “Allah” sözləri də qırmızı, işıq, od, Günəş anlamlı “AL” kökünə bağlı olub Azərbaycan mənşəli sözlərdir. Xalxal-“xal”ın təkrarlanmasından yaranıb Günəşin halələri, dairələri, butaları deməkdir. Xalxal–ikiqat oddur. Xalxal etnik adında Günəş–Tanrının aliliyi, müqəddəsliyi, gözəlliyi hifz olunur. “Xal” tərkibli eyni məzmunlu sözlər dilimizdə çoxdur: xaliq, xəlq etmək, Xaldan, Xaltan, Xalis, Xalid, Xali və s. Bu sözləri ərəb-fars mənşəli hesab etməyin heç bir elmi əsası yoxdur. Xal–rus-Avropa dillərinə də ötürülmüş, onların söz yaradıcılığında istifadə olunmuşdur: xaltura, Xalkidon, Xalturin S.N.Xalkos, Xalkantit, Xalsedon, Xalkofil, Xalsidlər və s. Kəndin əhalisi (808 nəfər) heyvandarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Kənddə orta məktəb, uşaq bağçası, klub, kitabxana, poçt, 100 yerlik ATS, tibb məntəqəsi, ticarət və iaşə obyektləri var. Məşhur Kordərə mineral istisu bulağı kəndin şimalında yerləşir. Kəndin dəniz səviyyəsindən yüksəkliyi 810 metrdir. Xalxala rayon mərkəzindən avtobus marşrutu işləyir.



0 yorum:

Yorum Gönder